Skip to main content

Elektrikin Tarixi

 Hər bir ümumbəşər kəşflər kimi elektrikdə müəyyən bir tarixdə deyil, zamanla insanlara dahada aydın olmağa başlamışdır. Elektrikin tarixi insanlığın enerjini anlaması və idarə etməsi üçün etdiyi bir sıra kəşf və inkişaflardan ibarətdir. Elektrik enerjisinin bugünkü halına gəlib çıxması min illər boyu davam edən müşahidələr, təcrübələr və texnoloji yeniliklərin nəticəsidir.

“Elektrik” sözü qədim Yunan dilindəki “elektron” (ἤλεκτρον) sözündən yaranmışdır və bu söz kəhrəba (ing. Amber) mənasını verir. Kəhrəba – ağac qatranının fosilləşmiş formasıdır və qədim dövrlərdən bəri diqqətçəkən xüsusiyyətlərə malik olduğu üçün insanların marağına səbəb olmuşdur. Aralıq dənizi ətrafındakı qədim mədəniyyətlərə, kəhrəba kimi bəzi əşyaların pişik kürkünə sürtünülərək lələk kimi yüngül obyektləri hərəkət oluna biləcəyi məlum idi. Bu fenomen statik elektrik olaraq bilinən ilk elektrik hadisələrindən biridir. Elektrikin mövcudluğu ilk dəfə təbiət hadisələrində müşahidə olunub. Şimşək, ildırım və elektrik balıqları qədim insanları elektrik gücünün varlığı haqqında düşünməyə vadar edib.

17-ci əsrdə ingilis fizik William Gilbert kəhrəbadan ilhamlanaraq “electricus” terminini (latınca) işlətdi. Bu söz “kəhrəba kimi” və ya “kəhrəbaya aid olan” mənasını verirdi. Nəticədə, “elektrik” sözü bütün elektrik hadisələrinə aid ümumi bir anlayışa çevrildi. “De Magnete” kitabında maqnetizm və elektrik haqqında ilk sistemli araşdırmanı təqdim etdi. O, elektrik və maqnetizmi ayrı-ayrı fenomenlər kimi təsvir edirdi.

  • 17-ci əsrin əvvəllərində Otto von Guericke statik elektrik yaradan ilk maşını icad etdi. 18-ci əsrdə Benjamin Franklin, elektrik cərəyanını araşdıraraq onun təbiətini öyrənməyə çalışdı. O, ildırımın elektrik olduğunu sübut edən təcrübələr apardı. Luigi Galvani (1780-ci illər) heyvan toxumalarındakı bioelektrik enerjini öyrəndi və Alessandro Volta (1800) isə kimyəvi reaksiyalardan elektrik istehsal edən ilk batareyanı icad etdi.

  • Daha sonralar isə Hans Christian Ørsted (1820): Elektrik və maqnetizm arasındakı əlaqəni kəşf etdi. Michael Faraday (1831): Elektrik induksiyasını, yəni maqnit sahələrinin elektrik cərəyanı yarada biləcəyini kəşf etdi. Bu prinsip elektrik generatorlarının əsasını təşkil edir. James Clerk Maxwell (1860-cı illər): Elektromaqnetizmin klassik nəzəriyyəsini formalaşdırdı. Thomas Edison və Nikola Tesla: Edison sabit cərəyan (DC), Tesla isə dəyişən cərəyan (AC) texnologiyalarını təkmilləşdirdilər. Bu mübahisə tarixdə “cərəyanlar savaşı” kimi tanınır.

  • Müasir dövrümüzə nəzər salarsaq elektrik enerjisindən istifadənin yayılması insan həyatından tutmuş sənayenin və bilimin inkişafı üçün çox böyük cığırlar açdı. Şəhərlərdə elektriklə işıqlandırma, elektrik mühərrikləri və məişət cihazları inkişaf etdi. Elektrik şəbəkələrinin qurulması ilə 20-ci əsrin əvvəlindən başlayaraq genişmiqyaslı elektrik şəbəkələri yaradıldı. Elektronikanın inkişafı ilə elektrik enerjisi mikroelektronika, kompüterlər və müasir texnologiyaların əsasını təşkil etdi. Bugünkü dövrdə elektrik enerjisi alternativ enerji mənbələri (külək, su, nüvə və s.) və yeni texnologiyalar vasitəsilə daha davamlı və səmərəli şəkildə istehsal edilir. Elektrik enerjisi həmçinin kosmik tədqiqatlardan tutmuş kvant kompüterlərinə qədər müxtəlif sahələrdə əsas rol oynayır. Elektrik enerjisi bizim gələcəyə işıq tutan bələdçimizdir.

Comments